İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin may ayından etibarən Laçın, Ağdam rayonları ilə yanaşı, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində kadastr və yerquruluşu işləri aparılır.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu işlər çərçivəsində Füzulinin işğaldan azad olunmuş hissəsində 71 735 hektar çöl torpaq tədqiqatı və 19 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri həyata keçirilib. Müasir çöl ölçmə aparatlarından istifadə edərək 33 677 hektar ərazinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılmış yerquruluşu işləri çərçivəsində bu günədək Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Laçın, Füzuli və Ağdam rayonları üzrə ümumilikdə 687 min hektara yaxın ərazidə çöl ölçmə işləri icra olunub.