İran gizli şəkildə Çin casus peyki əldə edib və bu peyk ona son müharibə zamanı Yaxın Şərqdəki ABŞ hərbi bazalarını izləmək üçün yeni bir imkan verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə"Financial Times" qəzeti sızdırılmış İran hərbi sənədlərinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, monitorinq edilən yerlər Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərində olub və ABŞ hərbi bazalarını, eləcə də bəzi infrastrukturları əhatə edib.
TEE-01B kimi tanınan peyk, Çindən buraxıldıqdan sonra 2024-cü ilin sonlarında SEPAH-ın aerokosmik qüvvələri tərəfindən əldə edilib.
“Bu peyk açıq şəkildə hərbi məqsədlər üçün istifadə olunur, çünki o, İranın mülki kosmik proqramı tərəfindən deyil, SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən idarə olunur”, - deyə "Sciences Po Universiteti"nin İran üzrə eksperti Nikol Qrayevski "Financial Times" qəzetinə bildirib.
Zamanla işarələnmiş koordinat siyahıları, peyk görüntüləri və orbital təhlillər göstərir ki, İran komandirləri peykdən ABŞ-nin əsas hərbi obyektlərini izləmək üçün istifadə ediblər.
Qrayevski əlavə edib ki, "İranın bu müharibə zamanı xaricdən təmin edilən bu imkana həqiqətən ehtiyacı var, çünki bu, SEPAH-a hədəfləri əvvəlcədən müəyyən etməyə və zərbələrinin uğurunu yoxlamağa imkan verir".