İranın 17 ali məktəbinin həmkarlar təşkilatları və tələbə fəalları edam hökmünə qarşı açıqlama yayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" “İran international”a istinadən xəbər verir ki, onlar özlərini “qadın, həyat, azadlıq uğrunda inqilabın mübarizləri” adlandırıblar.
Tələbələr açıqlamanı “Biz edamlara dözmürük və edam rejimini məhv edəcəyik” başlığı altında yayıblar.
Bəyanat müəllifləri bildiriblər ki, son günlər ölkənin dörd-bir tərəfində edamlar artır: “Buna etiraz etmək, baş verən belə hadisələri bəşəriyyətə qarşı qəddarlıq və antipatiya olaraq yaymaq lazımdır”.
Tələbələr edamları “qəsdən hazırlanmış dövlət sui-qəsdi” adlandıraraq belə hallara səssiz qalmayacaqlarını da vurğulayıblar.
İranda İnsan Hüquqları Qrupu “HARANA”nın illik hesabatına görə, 2023-cü ildə azı 791 vətəndaş, o cümlədən 25 qadın və iki uşaq edam edilib. Bu isə 2022-ci illə müqayisədə 33 faiz çoxdur. Məlumata görə, onlardan 7-si açıq şəkildə, ictimaiyyətin gözü qarşısında edam edilib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, 2012-ci il yanvarın 1-dən 2023-cü il iyulun 31-dək İranda 57-si uşaq olmaqla, beş mindən çox insan asılaraq edam olunub. BMT-nin Baş katibi Antoniu Quterreş 2023-cü ilin noyabr ayında təşkilatın Baş Assambleyasına insan haqlarının pozulması ilə bağlı hesabatında İranda edamların həyəcanverici sürəti və artımı barədə xəbərdarlıq edib.