İran Prezidenti Məsud Pezeşkian 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsi zamanı əldə olunan təcrübələrin bu gün də aktuallığını qoruduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian həmin dövrdə xalqın nümayiş etdirdiyi əzm və iradənin bu gün artan xarici təzyiqlər və təhdidlər qarşısında ölkənin müqavimətinin əsas dayaqlarından biri olduğunu qeyd edib.
Prezidentin sözlərinə görə, İslam Respublikasının xarici müdaxilələrə qarşı dayanıqlılığını təmin edən üç əsas amil var. Bunlar səbir, həmrəylik və ümiddir.
Pezeşkian vurğulayıb ki, bu dəyərlərin qorunması İranın təhlükəsizliyinin təmin olunması və ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İran Prezidenti xalqın birlik və iradəsinin ölkənin qarşılaşdığı çağırışların dəf edilməsində mühüm rol oynadığını bildirib.