İran Prezidenti Məsud Pezeşkian hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyi ilə keçirdiyi müşavirədə ölkənin ehtiyac duyduğu malların idxalı ilə bağlı yeni tapşırıqlar verib. İRNA agentliyinə istinadən yayılan məlumata görə, dövlət başçısı qonşu dövlətlərin, xüsusilə Azərbaycan, Pakistan və Rusiyanın imkanlarının bu istiqamətdə daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə aşağıdakı məqamlar xüsusi qeyd olunub:
- Ölkənin şimal limanlarının potensialının tam gücü ilə işə salınması və alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsi;
- Zəruri malların və dərman vasitələrinin tədarükü prosesində yarana biləcək maneələrin aradan qaldırılması üçün regional tərəfdaşlarla birbaşa məsləhətləşmələrin aparılması;
- Mövcud sazişlərin icrasının sürətləndirilməsi.
İqtisadiyyat nazirinin təqdim etdiyi hesabatda bildirilib ki, cənub keçid məntəqələrindəki məhdudiyyətləri nəzərə alaraq, quru sərhəd məntəqələri və alternativ nəqliyyat marşrutları vasitəsilə idxal prosesinin sadələşdirilməsi və həcminin artırılması istiqamətində artıq müəyyən addımlar atılıb.