İran hökumətinin sözçüsü Fatimə Mühacərani çərşənbə axşamı bildirib ki, İran əhalisinin internetin məhdudlaşdırılmasına qarşı narazılığı “tamamilə haqlıdır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözçü ölkədə 70 gündən artıqdır davam edən geniş internet məhdudiyyətlərini şərh edib və bunu “rəqəmsal işıqsızlıq” adlandırıb.
Onun sözlərinə görə, internetə çıxış xalqın əsas hüquqlarından biridir və hazırkı vəziyyət cəmiyyətdə ciddi narazılıq yaradıb.
Mühacərani qeyd edib ki, bu vəziyyətin səbəbi “təhlükəsizlik mühitini sarsıdan düşmən fəaliyyətidir”.
O həmçinin bildirib ki, “İnternet Pro” adlandırılan çoxpilləli internet sisteminin məqsədi əsasən müəssisələrə sabit və keyfiyyətli bağlantı təmin etməkdir.
Sözçü əlavə edib ki, təhlükəsizlik riski aradan qalxdıqdan sonra əhalinin internetə tam çıxışının bərpa olunacağı gözlənilir.
İran hökuməti son aylarda təhlükəsizlik və gərginlik səbəbilə internetə çıxışda müxtəlif məhdudiyyətlər tətbiq edib. Bu isə həm vətəndaşlar, həm də beynəlxalq müşahidəçilər tərəfindən tənqid olunur.