İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin milli futbol komandasının 2026-cı il Dünya Çempionatındakı çıxışını müsbət qiymətləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Bəqayi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, futbolçuların müxtəlif təzyiqlərə baxmayaraq sonadək mübarizə apardıqlarını və meydanda yüksək iradə nümayiş etdirdiklərini bildirib.
Məlumata görə, Bəqayi komandanın çətinliklərə, ayrı-seçkilik iddialarına və məhdudiyyətlərə baxmayaraq təslim olmadan çıxış etdiyini qeyd edib. O, paylaşımında “Məhdudiyyətlər bəhanəyə, təzyiqlər isə təslimiyyətə çevrilmədi” ifadəsinə yer verərək futbolçuların sonadək mübarizə apardığını vurğulayıb.
Bununla yanaşı, “Press TV”-nin məlumatına əsasən, İran millisinin mundialda iştirakı siyasi gərginliklər və logistik çətinliklərlə müşayiət olunub. Bildirilib ki, ABŞ-nin viza məhdudiyyətləri səbəbindən komanda təlim-məşq bazasını Arizonadan Meksikanın Tijuana şəhərinə köçürməyə məcbur qalıb.
Həmçinin qeyd olunub ki, viza qaydalarına əsasən, İran millisinin üzvləri və texniki heyət ABŞ-yə yalnız oyunlardan bir gün əvvəl daxil ola bilib və matçdan dərhal sonra ölkəni tərk etməli olublar. Bu səbəbdən İran tərəfinin FIFA-ya rəsmi şikayət ünvanladığı bildirilib.
İsmayıl Bəqayi isə komandanın nəticəsindən asılı olmayaraq xalqa mənəvi dəstək verdiyini vurğulayıb: “Onlar bizə ehtiras, həyəcan və ümid bəxş etdilər. Ən əsası, İran adlı vətənin dəyərini bir daha xatırlatdılar.”