İran Hörmüz boğazı ilə bağlı Oman vasitəçiliyi ilə aparılan danışıqların nəticəsiz qalmasının səbəbini ABŞ-nin müdaxiləsi və Prezident Donald Trampın təhdidləri ilə əlaqələndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi informasiya orqanı olan "Sepahnews" məlumat yayıb.
Məlumata görə, adı açıqlanmayan iranlı rəsmi şəxs Tehranın təzyiq və hərbi müdaxilə təhdidləri altında heç bir razılaşmaya getməyəcəyini bildirib.
Qeyd olunub ki, tərəflər arasında iyunun 14-də Pakistanın vasitəçiliyi ilə ilkin razılıq əldə olunmuşdu. Həmin razılaşmaya əsasən, ABŞ-nin İranın dondurulmuş aktivlərini sərbəst buraxması, bunun müqabilində isə İranın Hörmüz boğazını açması və 60 gün ərzində tranzit rüsumu tətbiq etməməsi nəzərdə tutulurdu. Lakin iddiaya görə, ABŞ öhdəliklərini yerinə yetirməyərək aktivləri blokdan çıxarmayıb və boğazdan keçid üçün Omanın ərazi suları vasitəsilə alternativ marşrut müəyyənləşdirib.
Bildirilib ki, İran bu addımları razılaşmanın pozulması kimi qiymətləndirərək Hörmüz boğazından keçidləri məhdudlaşdırıb və icazəsiz keçməyə cəhd edən bəzi gəmilərə qarşı hərbi güc tətbiq edib. Nəticədə iyulun 8-də tərəflər arasında toqquşmalar baş verib və gərginlik təxminən iki həftə davam edib.
Məlumatda vurğulanıb ki, hazırda tərəflər arasında vəziyyətin normallaşdırılması məqsədilə yenidən danışıqlar aparılır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, Omanla keçirilən texniki və siyasi müzakirələrdə müəyyən irəliləyiş əldə olunub.