İran İslam Respublikası parlamentinin Rəyasət Heyətinin üzvü Alireza Səlimi Avropa ölkələrinin hərbi attaşelərinin ölkə ərazisini ən qısa zamanda tərk etməli olduqlarını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı SNN agentliyi yayıb.
Səliminin sözlərinə görə, bu tələb İran parlamentinin Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terror təşkilatı kimi tanımasından sonra gündəmə gəlib.
O, terrorçu elan edilən şəxslərin ölkədə qalmasının mövcud qanunvericiliyə zidd olduğunu vurğulayıb:
"Terrorçuların ölkədə qalması qüvvədə olan qanuna ziddir. Xarici İşlər Nazirliyi bu qərarı elə bu gündən icra etməlidir", - deyə Səlimi qeyd edib.
Xatırladaq ki, ötən bazar günü İran parlamenti Avropa İttifaqının "İslam İnqilabı Keşikçiləri Korpusu"nu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq, Aİ ölkələrinin ordularını terrorçu təşkilatlar siyahısına salıb.