İran Rusiyanın Həştərxan şəhərindəki "Anna" gəmisinə qarşı Xəzər dənizində həyata keçirilən dron hücumu ilə bağlı rəsmi hüquqi prosesə başladığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın Rusiyanın Həştərxan şəhərindəki baş konsulu Əhməd Heydərian məlumat verib.
Bildirilib ki, diplomat baş verən hadisəni beynəlxalq hüquq normalarına zidd təcavüz aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, İran tərəfi hücumu ciddi şəkildə pisləyir və insidentin cavabsız qalmayacağını vurğulayır.
Qeyd olunub ki, Heydərian hücumun arxasında Ukraynanın dayandığının iddia edildiyini, bununla bağlı müvafiq hüquqi prosedurların icra olunduğunu bildirib. İranın hadisənin bütün təfərrüatlarını araşdırmaq və məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavabdehliyə cəlb olunması üçün addımlar atacağı qeyd edilib.
Bildirilib ki, Tehran Xəzər dənizində baş verən insidentin regionun təhlükəsizliyinə mənfi təsir göstərdiyini vurğulayaraq, beynəlxalq sularda gəmilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.