İran və Oman Hörmüz boğazında gəmiçilik hərəkətinin tənzimlənməsi ilə bağlı razılaşmaya yaxınlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti iranlı və amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Hörmüz boğazından keçid qaydalarını yenidən müəyyənləşdirməyi planlaşdırır. Yeni qaydalara əsasən, Fars körfəzinə daxil olan gəmilərin İran sahilləri boyunca, körfəzdən çıxan gəmilərin isə Oman sahilləri ilə hərəkət etməsi nəzərdə tutulur.
Bildirilib ki, razılaşmanın əsas məqamlarından biri boğazdan keçid üçün tətbiq olunacaq “xidmət haqqı”dır. İran tərəfi bu vəsaitin ekoloji xərclərin qarşılanması, yük gəmiləri və tankerlərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də personalın əməkhaqlarının ödənilməsi üçün istifadə ediləcəyini açıqlayıb.
Qeyd olunub ki, əldə ediləcək gəlirin İran və Oman arasında bərabər bölüşdürülməsi planlaşdırılır.
Bununla yanaşı, ABŞ rəsmilərindən biri İranın təqdim etdiyi məlumatların tam həqiqəti əks etdirmədiyini bildirib. Rəsmi şəxsin sözlərinə görə, Hörmüz boğazından keçid üçün hər hansı müvəqqəti marşrutların tətbiqi İranın icazəsini tələb etmir və bununla bağlı ödəniş nəzərdə tutulmur.
Daha əvvəl “Financial Times” qəzeti də İranın Omanla Hörmüz boğazı üzrə razılaşma imzalamağa yaxın olduğunu yazmışdı. Ekspertlər hesab edir ki, mümkün saziş Tehran və Vaşinqton arasında artan gərginliyin azaldılması baxımından mühüm rol oynaya bilər.