Aprelin 4-dən başlayaraq ölkə ərazisində müşahidə olunan intensiv xarakterli yağıntılar bir sıra ciddi fəsadlar törədib.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar BŞİH, onun tabeliyindəki strukturlar və rayon icra hakimiyyəti başçıları dərhal gücləndirilmiş iş rejiminə keçiblər.
Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində subasma halları müşahidə edilir. Həmin yerlərdə şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir, zəruri hallarda isə insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yağan yağış ətraf mühitə də ziyan vurub. Belə ki, aprelin 5-də axşamdan aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları qeydə alınıb. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir və aşan ağacların ərazilərdən götürülməsini təmin edərək lazımi tədbirlər görürlər.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir və aidiyyəti qurumlara məlumat verirlər. İntensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.