Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi - Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.
Sərgidəki eksponatlar vasitəsi ilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixi, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.
Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim olunacaq.