Hindistanın Patna və Mumbay şəhərlərində tələbə təşkilatları, müxalif qruplar və gənclər tərəfindən təşkil olunan aksiyalarda Baş Seçki Komissarı Gyanesh Kumarın istefası tələb edilib. Cümə günü, oktyabrın 16-da keçirilən etirazlar seçici siyahılarının yenilənməsi ilə bağlı mübahisələr fonunda baş tutub.
Tənqidçilər bildirirlər ki, seçki siyahılarında aparılan dəyişikliklər Baş nazir Narendra Modinin Hindistan Xalq Partiyasının (BJP) xeyrinədir. Yenilənmə zamanı seçici siyahılarından 130 milyondan çox insan çıxarılıb.
Hindistanın Seçki Komissiyası hər hansı siyasi partiyaya üstünlük verdiyini təkzib edib və siyahılardan səhvən çıxarılan seçicilərin yenidən qeydiyyatdan keçə biləcəyini bildirib. BJP isə qanuni seçki proseslərinə etiraz etməklə müxalifət partiyalarının demokratiyaya zərər vurduğunu iddia edib.
Patnada etirazçılarla polis arasında qarşıdurma
Patnada Hindistan Tələbələr Federasiyasının (SFI) və Hindistan Demokratik Gənclər Federasiyasının (DYFI) üzvləri və tərəfdarları bayraqlar qaldırıb, şüarlar səsləndirərək polis maneələrinə doğru irəliləyiblər.
Polis nümayişçiləri geri çəkilməyə məcbur edərkən qarşıdurma baş verib, bir neçə etirazçı saxlanılıb.
Nümayişçilərdən biri hökuməti elan olunmamış fövqəladə vəziyyət yaratmaqda və siyasi liderləri həbs etməkdə ittiham edib. O, Kumar istefa verənədək etirazları davam etdirəcəklərini deyib.
Seçici siyahılarının yenilənməsinə qarşı bu ay həftələrlə, demək olar ki, hər gün aksiyalar keçirilib.
Mumbayda gənclərin rəhbərlik etdiyi partiya aksiya keçirib
Mumbayda gənclərin rəhbərlik etdiyi “Cockroach Janta Party”nin (CJP) üzvləri və tərəfdarları Hindistan bayraqlarını qaldıraraq etirazlara qoşulublar.
Partiyanın qurucusu Abhijeet Dipke bildirib ki, aksiya həftənin əvvəlində nümayişlərin qadağan olunduğu ərazidə etiraz etdiklərinə görə saxlanılaraq beş gün həbsdə qalan iki CJP liderinə dəstək məqsədilə keçirilib.
CJP və solçu tələbə qrupları tərəfdarlarını cümə günü axşam Yeni Dehlinin Konnaut Pleys ərazisindəki Mərkəzi Parkda toplaşmağa, Hindistanın dövlət bayrağını qaldırmağa çağırıblar.