2026-cı il Dünya Çempionatı çərçivəsində keçirilən İngiltərə – Xorvatiya qarşılaşması zamanı tribunaların atmosferi bir çoxlarını təəccübləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, adətən öz coşğulu dəstəkləri ilə tanınan ingiltərəli azarkeşlər bu dəfə gözlənilən aktivliyi nümayiş etdirməyiblər.

Dallas şəhərində keçirilən matç ərəfəsində şəhər mərkəzində azarkeş izdihamı müşahidə olunmayıb, mahnılar və şüarlar eşidilməyib.
Müşahidələrə görə, bu sükutun əsas səbəbi ABŞ-də keçirilən turnirin yüksək maliyyə xərcləridir.

İngiltərəli azarkeşlərlə aparılan söhbətlər zamanı məlum olub ki, turnirə gəlmək və orada qalmaq azarkeşlər üçün kifayət qədər baha başa gəlir.
Məsələn, qrup mərhələsini izləmək üçün gələn bir azarkeşin xərcləri təxminən 7 min funt-sterlinqə çatır.
Bu, 8 il əvvəl Rusiyada keçirilən çempionatla müqayisədə iki dəfə çoxdur. Nəticədə, adətən tribunaların ən aktiv hissəsini təşkil edən, lakin daha büdcəli yerlərdə oturan azarkeş kütləsi bu dəfə turnirə qatıla bilməyib.
Tribunalardakı sükuta baxmayaraq, meydanda azarkeşlərin gözləntilərini tamamilə qarşılayan bir oyun nümayiş olunub.
İngiltərə və Xorvatiya yığmaları turnirin indiyədək olan ən maraqlı və qollu qarşılaşmalarından birinə imza atıblar. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.
Mütəxəssislər İngiltərə millisinin oyun üslubundakı dəyişikliyi xüsusi vurğulayırlar. Baş məşqçi Tomas Tuşelin rəhbərliyi altında komanda daha hücumameyilli, pressinqə əsaslanan və kombinasiyalı futbol nümayiş etdirir.
Azarkeşlər də bu dəyişikliyi müsbət qiymətləndirərək, Gareth Southgate dövründəki darıxdırıcı oyundan fərqli olaraq, komandanın yeni simasının daha cəlbedici olduğunu qeyd edirlər.