Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılmasıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, hazırda yeni nəsil texnologiyaların geniş tətbiqi ilə şərtlənən inkişafın həm müsbət, həm də mənfi tərəfləri var:
"Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılmasıdır".