"Bakı Metropoliteni" QSC infrastrukturun yenilənməsi və təhlükəsizlik standartlarının artırılması layihəsi çərçivəsində "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsini uğurla tamamlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların çevik idarə olunmasını, qısa intervallarla hərəkətini və texniki xidmətini təmin edən bu çoxfunksiyalı sahədə hazırlıq işləri görülüb. Əvvəlki mərhələlərdə söküntü və işlərə hazırlıq məqsədilə müvəqqəti metal konstruksiyalar quraşdırılıb.
"Həzi Aslanov" Stansiyasında Təmir: Hansı İşlər Yekunlaşıb?
Ümumilikdə 280 metrə yaxın sahəni əhatə edən əsaslı təmir işləri 3 hissədən ibarət planlaşdırılıb və artıq 210 metrə yaxın hissədə proses yekunlaşdırılıb.
Görülən işlər çərçivəsində yan divarlar və döşəmədə bütün ərazi boyunca məhlulvurma işləri bitib, hazırda xüsusi boya maddələrinin vurulmasına hazırlıq gedir. Tavan hissədə isə izolyasiya işləri aparılmaqla məhlulvurma əsasən başa çatıb. Plana uyğun olaraq, örtük tavası karbon lifli müasir inşaat materialı ilə izolyasiya edilərək daha da gücləndiriləcək.
Orta yolların arakəsmə divarlarından təmirin ilk iki mərhələsinə düşən hissəsi yenidən inşa olunub. Hazırda sonuncu hissədə söküntü və inşaat işləri davam etdirilir.
Yeni İnfrastruktur və Layihənin Təhvil Verilmə Tarixi
Qeyd edilənlərlə yanaşı, infrastrukturun qurulmasına da start verilib. Hazırda paralel olaraq drenaj xətləri çəkilir. Yol infrastrukturu və divarlar boyunca kommunikasiya xətlərinin quraşdırılmasına isə aprel ayından başlanılacaq.
Layihəyə əsasən, dalan yolları və yoldəyişdirici qurğular müasir dəmir-beton özüllər üzərində yenidən qurulacaq. Elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi və digər mühüm sistemlər tam müasirləşdiriləcək.
Bütün işlərin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.