Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.
Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.