Pakistanda yağan güclü leysan yaşayış məntəqələrini su altında qoyub və yolların bağlanmasına səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Xilasetmə qruplarının verdiyi məlumata əsasən, şiddətli yağış və fırtına nəticəsində 11 nəfər həlak olub. Daha 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Səlahiyyətlilər bəzi ərazilərdə ağacların aşdığını və infrastrukturun ciddi zərər gördüyünü qeyd ediblər.
Davam edən yağıntılar torpaq sürüşmələrinə gətirib çıxarıb, bir çox əsas magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
“Swat” bölgəsində bəzi çayların daşması daşqınlara səbəb olub, Mingora şəhərində isə suyun səviyyəsinin qalxması əhali arasında təşviş yaradıb.
Güclü qar və uçqun səbəbindən Kalam ilə Mahodand gölü arasındakı yol bağlanıb, yüzlərlə avtomobil yolda qalıb.
Meteoroloqlar əyalət boyu yağıntıların, yüksək dağlıq ərazilərdə isə qar yağışının davam edəcəyi barədə xəbərdarlıq ediblər.