Kürd döyüşçüləri Suriyanın Hələb şəhərinin şərqində, Deyr Harif bölgəsində nəzarət etdikləri əraziləri ölkənin qalan hissəsi ilə birləşdirən üç körpünü dağıdıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, körpülərin partladılması hökumət qoşunları və zirehli texnikanın Fərat çayının qərb sahilində, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə təmas xəttinə yerləşdirilməsindən sonra həyata keçirilib.
Bundan əvvəl Suriya ordusu komandanlığı Hələbdən 42 kilometr aralıda yerləşən Deyr Hafer–Meskene xətti boyunca, Fərat çayının şərq sahilinə qədər mövqelərdə olan bütün döyüşçülərin təxliyəsini tələb etmişdi. Keçid hökumətinin silahlı qüvvələri ərazinin “cinayətkar fəaliyyət üçün istifadə olunmasının qarşısını almaq məqsədilə” tədbirlər görüləcəyini açıqlamışdı.
Dəməşq hakimiyyəti SDQ-ni yanvarın əvvəlində Hələb şəhərinin şərq kənarlarından istifadə edərək şəhər məhəllələrinə, Suriya ordusunun mövqelərinə və daxili təhlükəsizlik qüvvələrinə dron hücumları təşkil etməkdə ittiham edib. SDQ isə bu iddiaları rədd edərək, kürdlərə qarşı təhdidlərin Fərat bölgəsində hərbi eskalasiyaya bəhanə yaratmaq məqsədi daşıdığını bəyan edib.
Qeyd edək ki, daha əvvəl SDQ komandanı Məzlum Əbdi beynəlxalq vasitəçilərin iştirakı ilə yanvarın 10-da Şimali Hələbdə atəşkəs razılaşmasının əldə olunduğunu və hökumət qüvvələri ilə toqquşmaların yaşandığı Əşrəfiyyə və Şeyx Məqsud kürd rayonlarından sakinlərin və silahlı qrupların təhlükəsiz şəkildə təxliyə edildiyini açıqlamışdı.