“BMT-də insan haqlarının pozulması ilə bağlı narahatlıq səsləndirilib”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının Cenevrədə İnsan Hüquqları Şurasının açılış sessiyasında çıxışı zamanı bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Baş katib dünyada insan haqlarının hücuma məruz qaldığını, beynəlxalq hüququn geniş şəkildə pozulduğunu diqqətə çatdırıb. O, xüsusilə Sudan, Qəzza zolağı və Ukraynada mülki əhalinin əziyyət çəkdiyini qeyd edib.
Quterreş vurğulayıb ki, “qanunun aliliyi güc tətbiqi ilə sarsıdılır” və insan haqları qəsdən görməzdən gəlinir. O, üzv dövlətləri beynəlxalq insan haqları qanunvericiliyinə seçim kimi yanaşmamağa çağırıb.
Baş katib BMT-nin insan haqları sistemini qətiyyətlə müdafiə etdiyini bildirib və əlavə edib ki, maliyyələşdirmənin azaldılması, bəzi müstəqil ekspertlərə hücumlar, eləcə də ABŞ-nin əsas məsuliyyət mexanizmlərindən birindən çıxması səbəbindən sistem hazırda “sağ qalma rejimindədir”.