Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sui-qəsd planını araşdırdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda deyilir ki, "Dövlət Təhlükəsizlik Xidməti Gürcüstanın keçmiş yüksək rütbəli məmurları və Ukraynada yaşayan hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən maliyyələşdirilən cinayət fəaliyyətini araşdırır".
Təhlükəsizlik xidmətinin məlumatına görə, məqsəd iğtişaş yaratmaq, hakimiyyəti zəiflətmək və “təxribatçı qüvvələrdən istifadə etməklə” onu devirmək olub. Aktiv istintaq və əməliyyat-axtarış tədbirləri ilə yanaşı, dindirilmələr də davam etdirilir.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 18-223-cü maddəsi ilə aparılır.