Azərbaycanın 20 yaşadək qızlardan ibarət voleybol millisi Avropa çempionatının birinci təsnifat mərhələsi sayılan EEVZA çempionatında ilk üçlükdə yer almağı hədəfləyir. Baş məşqçi Gökhan Edman komandanın yarışa yaxşı hazırlaşdığını və rəqiblərlə mübarizə aparmağa qadir heyət formalaşdırdıqlarını söyləyib.
Türkiyəli mütəxəssisin sözlərinə görə, Azərbaycan millisi A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq. Qrup birinciləri birinci yer, ikinci yeri tutan komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar. Edman əvvəlki məşqçilərə də təşəkkür edərək, onlardan yaxşı komanda təhvil aldıqlarını qeyd edib.
Komanda Qubada hazırlaşır
Hazırda Qubada təlim-məşq toplanışında olan kollektiv iki həftə ərzində gənc və U-16 yaş qruplarından olan voleybolçularla da çalışıb. Seçimdən sonra heyətdə dəyişikliklər edildiyini bildirən Edman qarşıdakı beynəlxalq turnirlər üçün daha rəqabətədavamlı komanda qurmağa çalışdıqlarını deyib.
EEVZA çempionatı oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın komandaları iştirak edəcək.
B qrupunda Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna yığmaları mübarizə aparacaq.