Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı, Abşeron yarımadası və bir sıra bölgələrdə hava şəraitinin kəskinləşməsi ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.
İntensiv yağışlardan sonra yaranan əlverişsiz hava şəraitində xoşagəlməz halların qarşısını almaq üçün sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri və ehtiyatlı olmaları tələb olunur. Xüsusilə aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə edilir:
- Qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sürücüləri küləkli havada hərəkətin təhlükəli olduğunu nəzərə almalı, yüklərin düzgün qablaşdırılmasına xüsusi diqqət göstərməlidirlər.
- Sürücülər nəqliyyat vasitələrini aşma və ya sürüşmə ehtimalı olan obyektlərdən uzaqda, mümkün olduqda isə qapalı yerlərdə park etməlidirlər.
- Piyadalar mövcud hava şəraitini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edə biləcək davranışlardan çəkinməlidirlər.