Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə saxta SMS bildirişlər göndərilir. Dələduzlar bu üsulla istifadəçiləri aldadaraq saxta internet səhifələrinə yönləndirirlər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi müraciətində xəbərdarlıq edilib.
Bildirilib ki, vətəndaşları aldadan həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.
"Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsinlər.
Xüsusilə şəxsi məlumatları və bank kartı məlumatlarını belə platformalarda paylaşmaq təhlükəlidir. İnzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".