Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına üzv ölkələri və təşkilata namizəd dövlətləri Aİ-nin genişlənməsinin üstünlüklərini əhaliyə daha fəal şəkildə izah etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Namizəd ölkələr vətəndaşlarına Aİ-yə üzvlüyün bütün üstünlüklərini izah etmək üçün səylərini artırmalıdırlar. Aİ ölkələri də genişlənmənin əhəmiyyətini öz vətəndaşlarına daha fəal şəkildə anlatmalıdırlar. Bu, daha çox təhlükəsizlik, daha çox rifah və Avropanın dünyadakı təsirinin güclənməsi deməkdir”, – o vurğulayıb.
Avropa Komissiyasının rəhbəri Qərbi Balkan ölkələrinə 500 milyon avrodan çox həcmdə yeni maliyyə dəstəyi ayrılacağını açıqlayıb və onların Aİ-yə inteqrasiya prosesinin sürətləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Fon der Lyayen Almaniya, Fransa və Avropa Şurasının prezidenti Antonio Koşta tərəfindən irəli sürülən yeni ölkələrin Aİ-yə qəbul prosesinin sadələşdirilməsi, o cümlədən onların mərhələli şəkildə İttifaqın strukturlarına inteqrasiyası ilə bağlı təklifi maraqlı adlandırıb.
“Bu, çox maraqlı təklifdir və biz onu müzakirə edəcəyik”, - o qeyd edib.