Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçika mərkəzli maliyyə qurumu "Euroclear" Rusiya Mərkəzi Bankına qarşı Brüssel Ticarət Məhkəməsində iddia qaldırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, "Euroclear" Rusiyanın məhkəməsinin şirkətə qarşı 220 milyard avroluq ödəniş qərarının icrasının qarşısını almaq məqsədilə hüquqi prosedura başlayıb.
Brüssel Ticarət Məhkəməsində qaldırılan iddia üzrə ilk məhkəmə iclası artıq keçirilib.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ və G7 ölkələri Rusiyanın xarici valyuta ehtiyatlarının təxminən yarısını dondurmuşdu. Aİ ərazisində dondurulan Rusiya aktivlərinin əhəmiyyətli hissəsi Belçikada yerləşən "Euroclear"in hesablarında saxlanılır. Hazırda şirkətin hesablarında 200 milyard avrodan çox Rusiya aktivi mövcuddur.
Xatırladaq ki, Moskva Arbitraj Məhkəməsi mayın 15-də Rusiya Mərkəzi Bankının "Euroclear"a qarşı qaldırdığı iddianı təmin edərək, şirkətdən təxminən 220 milyard avronun tutulmasına qərar vermişdi.
"Euroclear" isə Moskva məhkəməsinin bu iş üzrə yurisdiksiyaya malik olmadığını bildirir. Şirkət hesab edir ki, baş qərargahı Brüsseldə yerləşdiyi üçün işə baxmaq səlahiyyəti yalnız Belçika məhkəmələrinə məxsusdur.