Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas birliyin həm Ukrayna-Rusiya münaqişəsi, həm də Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini diqqətə çatdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Kallas bildirib ki, nazirlər Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə edəcəklər.
Hazırda bu məsələdə tam konsensusun olmadığını qeyd edən rəsmi, "Biz lazımi təzyiqi davam etdirəcəyik" deyərək Aİ-nin qətiyyətini vurğulayıb.
O, həmçinin Rusiya-Ukrayna danışıqlarında kimin iştirak etməsindən daha çox, Rusiyanın hansı güzəştlərə gedəcəyinin önəmli olduğunu qeyd edib.
Aİ-nin Qəzzadakı sülh prosesinin bir hissəsi olmaq istədiyini deyən Kallas, bu çərçivədə xüsusi missiyaların rolunu qabardıb.
O, "EUBAM Rafah" (Rəfah Sərhəd Yardım Missiyası) və "EUPOL COPPS" (Aİ-nin Fələstin Əraziləri Polis Missiyası) layihələrinin regionda sabitliyin bərpası üçün həlledici ola biləcəyini vurğulayıb.
Kallasın sözlərinə görə, HƏMAS-ın tərksilah edilməsi üçün peşəkar Fələstin polisinə ehtiyac var və "EUPOL COPPS" bu sahədə böyük fayda verə bilər.