Ermənistan İstintaq Komitəsi “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qarik Tsarukyana qarşı ağır ittihamlar irəli sürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, istintaqın məlumatına görə, Tsarukyan 2,5 milyon dolları hədə-qorxu yolu ilə ələ keçirməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
Məlumata görə, istintaq hesab edir ki, Tsarukyan 2008-ci ildə livanlı iş adamı ilə əməkdaşlığa başlayıb, daha sonra isə onu zorakılıqla hədələyərək biznesdəki paylarını özünə verməyə məcbur edib. Bildirilir ki, 2010-cu ilin avqustunda Tsarukyan və onun yaxın ətrafı, o cümlədən Sedrak Arustamyan həmin iş adamının paylarını onlara təhvil verməsinə nail olub. Hüquq-mühafizə orqanları bu əməliyyatları xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması kimi də qiymətləndirir.
Bildirilib ki, iyulun 6-da Qarik Tsarukyanın evində və ona məxsus 70-dən çox obyektdə axtarış aparılıb. İstintaq tədbirlərindən sonra siyasətçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, Tsarukyana qarşı dələduzluq, 934 min dolların mənimsənilməsi və qanunsuz ov nəticəsində dövlətə 81 min dollardan çox ziyan vurulması ilə bağlı da ittihamlar irəli sürülüb.
Prokurorluq Tsarukyan və onunla əlaqəli şəxslərə məxsus bir sıra aktivlərin müsadirəsini tələb edir. Bunlara “Ararat” konyak-şərab-araq kombinatı, “Araratsement” zavodu, “Multi Velles” idman kompleksi, 75 daşınmaz əmlak obyekti, 42 nəqliyyat vasitəsi və 38 şirkətdəki paylar daxildir.