Ermənistan son zamanlar sülh sazişi istiqamətində Azərbaycanın apardığı məqsədyönlü fəaliyyətləri tamamilə nəzərə almır, əksinə olaraq həm Azərbaycanla şərti dövlət sərhəddinə yaxın ərazilərdə yeni hərbi hissələr açır, həm də zaman-zaman Azərbaycana qarşı bəyanatlar səsləndirir və bu bəyanatları bəzən iqtidar nümayəndələrinin dilindən eşidirik.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
“Digər tərəfdən isə hərbi toplanış adı altında çox sayda ehtiyatda olan heyyəti orduya cəlb edir və onları da sərhəddə yerləşdirir. Bu məqsədlə də Ermənistan intensiv şəkildə silahlanır”.
Ekspert qeyd edib ki, bütün bunlar Ermənistanın növbəti və daha genişmiqyaslı təxribatlara hazırlaşdığını göstərir.

COP-29 ərəfəsində Ermənistanın növbəti təxribata hazırlanması gözləniləndirmi?
Bununla bağlı Ə.Verdiyev vurğulayıb ki, COP29 ilə əlaqədar Ermənistan Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyaları da başladıb.
“İrəvanın bu fəaliyyətləri Azərbaycan tərəfindən heç bir halda cavabsız qalmayacaq. Ermənistan tərəfi şərti sərhəddə hər hansısa bir “sağlam məntiqdən kənar addımlar” atarsa, təxribata yol verərək tarixi Azərbaycan torpaqlarından Azərbaycan ərazisinə atəş açarsa, bu Ermənistan üçün böyük sarsıntılara səbəb olacaq cavabımızla nəticələnəcək”, - deyə hərbi ekspert bildirib.
Aminə Nəzərova