FİFA 2029-cu il U-20 Dünya Kubokunun ev sahiblərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, qurumun qərarına əsasən, turnirə Ermənistan və Gürcüstan birgə ev sahibliyi edəcək.
Məlumata görə, qərar FİFA İcraiyyə Komitəsinin Vankuverdə keçirilən iclasında qəbul olunub. Ermənistan və Gürcüstanın birgə müraciəti təşkilat tərəfindən təsdiqlənib.
Ermənistan Futbol Federasiyasının açıqlamasında bildirilib ki, bu, ölkə futbolu üçün tarixi hadisədir: “Ermənistan ilk dəfə olaraq dünya səviyyəli böyük futbol turnirinə ev sahibliyi edəcək”.
Qeyd olunur ki, layihə çərçivəsində Ermənistanda, xüsusilə Gürcüstanla sərhədə yaxın ərazilərdə – Dilican və İcevan şəhərləri yaxınlığında yeni stadionların tikintisi planlaşdırılır.
İlkin plana əsasən, oyunlar Ermənistanda dörd stadionda keçiriləcək. Mövcud arenalarla yanaşı, Respublika Stadionu da turnirə ev sahibliyi edəcək. Bundan əlavə, Milli Stadionun son dizaynının yaxın vaxtlarda təsdiqlənəcəyi bildirilir.