Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, İran və İsrail-ABŞ müharibəsi bölgəni tamamilə bürümədən dayandırılmalıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu bəyanat hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında səsləndirilib.
Dövlət başçısının sözlərinə görə, regionda baş verən müharibələr səbəbindən bölgəni "qan qoxusu" alıb. O vurğulayıb ki, İrana qarşı hücumlar neft qiymətinin artımına və qlobal iqtisadiyyat üçün ciddi təhlükələrə səbəb olur.
"Bütün dünya ölkələri bundan təsirlənir. Türkiyə belə çətin məqamlarda dost və qardaş ölkələrə arxa çevirmir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. O həmçinin qeyd edib ki, yenidən masa üzərində müzakirələr aparılması üçün səylər davam etdirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.
Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.