Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
Elm və təhsil
02.10.2023 18:16
Aa
dəq

Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ü.Səttarova 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr dərəcələrini alıb. 2011-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə dissertantura, 2014-2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə doktorantura təhsili alıb. 2020-ci ildən Niderland Krallığının Maastrixt Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Ü.Səttarova 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022-2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Ü.Səttarova Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.

Həftənin ən çox oxunanları