Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 16-da Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Ölkədə bu sahə üzrə yaradılan müasir idman infrastrukturu və Azərbaycan paralimpiyaçılarının beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verilib.
Tərəflər Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan idmançılarının əldə etdiyi uğurlara da diqqət çəkiblər.
Görüş zamanı beynəlxalq və milli paralimpiya komitələri arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq paraidman yarışlarının təşviqi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Həmçinin yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.