Operativ Məlumat Mərkəzi

Cənubi Koreyanın keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib

3 dəq
Paylaş:
Cənubi Koreyanın keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib

Birinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yolu 2025-ci ilin yanvarında Prezidentin Mühafizə Xidməti ilə hüquq-mühafizə orqanları arasında qarşıdurma zamanı onun həbsinə mane olunması işi üzrə beş il azadlıqdan məhrum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Yonhap News TV”-yə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 3-də Prezidentin Mühafizə Xidməti hüquq-mühafizə orqanlarının Yun Sok Yolu Seuldakı iqamətgahında həbs etməsinə imkan verməyib.

O, yalnız ikinci cəhddə — yanvarın 15-də saxlanılıb. Həmin vaxt Yun Sok Yol formal olaraq prezident statusunu qorusa da, parlamentin impiçment qərarından sonra səlahiyyətləri dayandırılmışdı.

Prokurorluq bu iş üzrə 10 il həbs cəzası tələb edirdi.

İş Seulun Mərkəzi Dairə Məhkəməsində araşdırılıb və bu hökm Yun Sok Yol üçün birinci instansiya səviyyəsində çıxarılan ilk məhkəmə qərarıdır. Prokurorluq sabiq prezidentə ümumilikdə yeddi maddə üzrə ittiham irəli sürüb. İttihamlar arasında vəzifə səlahiyyətlərini aşma, hakimiyyət orqanlarının fəaliyyətinə mane olma, qanunsuz sənədlərin hazırlanması, Prezidentin Mühafizə Xidməti və Prezident Arxivləri haqqında qanunların pozulması yer alır.

Məhkəmə qərarında qeyd olunub ki, Yun Sok Yol 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin tətbiqinin müzakirə edildiyi iclasa Nazirlər Kabinetinin yeddi üzvünü dəvət etməməklə onların hüquqlarını pozub. O, həmçinin hərbi vəziyyətlə bağlı yenilənmiş bəyannamə layihəsinin hazırlanmasında və qorunan telefon rabitə sistemində zəng jurnallarının məhv edilməsinə cəhd göstərməkdə təqsirli bilinib.

Məhkəmə Antikorrupsiya İdarəsinin üsyanla bağlı ittihamları araşdırmaq səlahiyyətinə malik olduğunu bildirib və Yun Sok Yolun həbsinə, eləcə də iqamətgahında axtarış aparılmasına dair orderi qanuni hesab edib.

Qeyd edək ki, Yun Sok Yol ümumilikdə səkkiz məhkəmə prosesində təqsirləndirilən şəxs qismində iştirak edir. Onlardan dördü hərbi vəziyyətin tətbiqi ilə bağlıdır. 13 yanvar 2026-cı ildə xüsusi prokurorlar qrupu dövlət quruluşuna qarşı üsyan işi üzrə onun üçün ölüm cəzası tələb edib. Koreya Respublikasının Cinayət Məcəlləsinə əsasən, bu maddə üzrə yalnız ölüm cəzası və ya ömürlük həbs nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər