ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol prezidentin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin apardığı “məxfi diplomatiya”nın nəticəliliyini şübhə altına alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Makfol bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmasını müsbət qiymətləndirib. Bununla yanaşı, keçmiş səfir xüsusi elçilərin ictimai çıxışlarını tənqid edib.
“Uitkoff və Kuşnerin Putin və Zelenski ilə danışmasını alqışlayıram. Onların ictimaiyyət qarşısında narahatlıq doğuran açıqlamalar verməsinə təəssüf edirəm. Mətbuat konfransları keçirməyi dayandırmalıdırlar”, – Makfol qeyd edib.
Onun sözlərinə görə, açıq mənbələrdə ABŞ emissarlarının hər hansı nəticəyə nail olduğunu göstərən məlumat yoxdur.
“Ümid edirəm ki, bağlı qapılar arxasında vəziyyət daha nikbin görünür”, – keçmiş səfir əlavə edib.
Qeyd edək ki, Stiv Uitkoff və Cared Kuşner daha əvvəl Moskva və Kiyevə səfər edərək Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.
Görüşlərin yekunlarına əsasən, Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sammitin keçirilə biləcəyini bildirib.