Hindistanın Pune şəhərində keçirilən Dünya Qocyu-Ryu Karate Çempionatında iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb. Karateçilər Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıblar.
Mərasimdə Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə, idmançıların ailə üzvləri, yaxınları və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın medalçıları
Oktyabrın 7-dən 10-dək keçirilən səkkizinci dünya çempionatında Azərbaycan idmançıları 12 medal əldə ediblər. Mükafatların 10-u fərdi, ikisi isə komanda yarışlarında qazanılıb.
İsmayıl İsayev, Çingizxan Cəfərli, Əli Əhmədov, Aydın Rzayev və Anar Sadıqov fərdi yarışlarda dünya çempionu olublar. Adnan Abuşov gümüş, Əli Abdullayev, Məhəmməd Cahangirov, Vladimir Qrimzin və Qadir Hüseynov isə bürünc medal qazanıblar.
12-13 yaşlılardan ibarət Azərbaycan komandası çempion olub, 10-11 yaşlılardan təşkil olunan kollektiv gümüş medala layiq görülüb. Nümayəndə heyətinə Nurlan Quliyev rəhbərlik edib. İdmançılar yarışda məşqçilər Röya Səfərov və Elmin İsayevin rəhbərliyi altında çıxış ediblər.