Operativ Məlumat Mərkəzi

DSX-nin Sərhəd Nəzarətinə mediatur təşkil edilib - FOTO

7 dəq
Paylaş:
DSX-nin Sərhəd Nəzarətinə mediatur təşkil edilib - FOTO
DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev jurnalistlərə komandanlığın tarixi və xidməti fəaliyyəti haqqında ətraflı məlumat...

Vətən sərhəddən başlayır. Vətənin sərhədində gecə-gündüz yorulmadan keşik çəkən sərhədçilər üçün sərhəd, onların qürur mənbəyi, vətənin müqəddəs bir parçasıdır. Sərhəd, ölkənin müstəqliyini, suverenliyini təsbit edən amillərdəndir. Hər bir ölkənin sərhədlərinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir. Məhz bu səbəbdən, ölkəmizdə sərhəd mühafizəsinin yaradılmasına ehtiyac var idi.

Media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarəti Komandanlığında mediatur keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev jurnalistlərə komandanlığın tarixi və xidməti fəaliyyəti haqqında ətraflı məlumat verib, eyni zamanda dövlət sərhədindən buraxılış məntəqələrindən birinin xidməti fəaliyyəti ilə tanış edib.

Daha sonra jurnalistlərə komandanlığın nailiyyətlərini əks etdirən film nümayiş edilib.

Media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarəti Komandanlığında mediatur çərçivəsində jurnalistlər sənədlərdə saxtakarlığın aşkar edilməsi üçün səyyar təlim qurğusu, səyyar radiasiya aşkar etmə avadanlığı, Sərhəd Nəzarətinin videomüşahidə və qaynar xətt mərkəzi, Sərhəd Nəzarətinin nəzdində kurslara cəlb olunmuş heyət üçün tədris sinifləri, xidməti və istirahət otaqları, konfrans zalı, idman zalı və yeməkxana ilə yaxından tanış olublar.

Bundan əlavə, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının hərbi qulluqçusu, kapitan Hüseyn Qənbərli Dövlət Sərhəd Xidmətinin nəzdində fəaliyyət göstərən, kinoloji mərkəzdə yetişdirilərək xüsusi təlim keçmiş xidməti itlərlə media nümayəndələrini əyani və praktiki olaraq tanış etmişdir. Xidməti itlərin təyinatı, dövlət sərhədinə buraxılış məntəqələrində narkotik və patlayıcı maddələrin axtarışından ibarətdir. Cari il ərzində xidməti itlərdən istifadə etməklə Dövlət Sərhədinə Buraxılış Məntəqələrində narkotik və psixotrop maddələr aşkar olunmuşdur. Həmçinin, xidməti itlərdən partlayıcı maddələrin aşkar olunmasında geniş istifadə olunur.

Jurnalistlərə əyani olaraq, “Çayka” ləqəbli xidməti itin avtomobilin içərisinə praktika üçün yerləşdirilən narkotika vasitəsinin aşkar edilməsi göstərilib.

Bundan başqa, mediatur çərçivəsində mayor Nicat Cahidzadə Sərhəd Nəzarətinin Komandanlığının COP29 beynəlxalq konfransına tam hazır olduğunu, COP29 vizası ilə gələn xarici vətəndaşlar üçün yoxlanışın 45 saniyə, Azərbaycan vətəndaşları üçün isə 30 saniyə nəzərdə tutulduğunu bildirib. O, həmçinin işçi qüvvəsinin sayı artırıldığını və gücləndirilmiş iş rejimində çalışacaqlarını qeyd edib. COP29 tədbiri zamanı hər hansı fövqəladə hal yarandığı halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən buraxılış məntəqələrinin şöbə və bölmələrinin xidməti fəaliyyəti müasir tələblərə cavab verən ümumi sahəsi 1000 kvadrat metrdən ibarət olan 5 mərtəbəli inzibati binada yerləşən Sərhəd Nəzarəti Komandanlığı tərəfindən idarə edilir. Dövlət sərhədindən buraxılış məntəqələrində şöbə və bölmələrin xidmətinin təşkili və aparılmasına nəzarətin təmin edilməsi Sərhəd Nəzarəti komandanlığında yaradılmış müasir tələblərə cavab verən videomüşahidə sistemləri vasitəsilə fasiləsiz olaraq həyata keçirilir.

Sərhəd Nəzarəti komandanlığının əsasını qərargah vəbütün dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən şöbə və bölmələr təşkil edir. Dövlət sərhədlərində mövcud olan 40 dövlət sərhədindən buraxılış məntəqəsinə 16 avtomobil və piyada yolu, 10 dəniz limanı, 9 beynəlxalq hava limanı, 5 dəmir yolu daxildir. Dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin artımını nəzərə alaraq müasir tələblərə uyğun dövlət sərhədindən buraxılış məntəqələri inşa edilərək sərhəd infrastrukturu yaradılmışdır.

Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mümkün problemlər barədə operativ məlumatların əldə olunması və vaxtında aradan qaldırılması məqsədilə Sərhəd Nəzarətinin komandanlığında yaradılmış 16-58 nömrəli qaynar xətdə 100 mindən artıq vətəndaş müraciəti daxil olmuş və müvafiq qaydada cavablandırılmışdır.

Sərhəd Nəzarətində xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığı və hərbi qulluqçuların xarici dil səviyyəsinintəkmilləşdirlməsi ilə əlaqədar DSX Akademiyasında və Sərhəd Nəzarətinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində mütəmadi olaraq kurslar təşkil olunur.

Sərhədçilər bilirlər ki, onların hər növbəsi, millətin sabahının təminatıdır. Onların xidməti və fədakarlığı bir xalqın azadlıq və suverenlik bayrağının daim ucalarda dalğalanması üçün ən böyük zəmanətdir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan Sərhəd Mühafizəsi güclü sərhəd infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya sahib olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurumdur. Məhz bu səbəbdən, iqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq, vətənimizin quru, hava və su sərhədləri ayıq-sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.

Aminə Nəzərova

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər