Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb. Gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çoxdur), xərclərinin isə 41 milyard 367,6 milyon manat (+4,1 %) olacağı gözlənilir.
Büdcə xərclərindəki artımı isə müdafiə və təhlükəsizlik xərclərinin ilkin variantla müqayisədə 1 milyard 738 milyon manat artırılaraq 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılması, eləcə də digər xərclərin ümumilikdə 38 milyon manat azaldılması təmin edəcək.
2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin artırılmasını "Operativ Məlumat Mərkəzi-OMM"-ə şərh edən iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov bildirib ki, sosialyönümlü xərclərin artması Azərbaycanda son illər ərzində büdcə siyasətinin əsas istiqamətlərindəndir.
“Sosial istiqamətdə xərclərin artırılması ilə bağlı siyasətin əsas səbəbi və fundamental əsasları ondan ibarətdir ki, son illər ərzində sosial müdafiə sistemində idarəetmədə əldə olunan müsbət nəticələr, şəffaflıq, effektivlik ona şərait yaratdı ki, ölkə prezidentinin müvafiq yanaşmasına əsasən, sosial siyasətin effektivliyindən əldə olunan resurslar sosial xərclərin artmasına yönəldi. Bu da çox önəmlidir. Çünki bu, bir tərəfdən əhalinin geniş kateqoriyalarının sosial müdafiəsi deməkdir ki, bu da olduqca mühümdür. Digər tərəfdən də, bu, iqtisadiyyatın da inkişafına təkandır. Çünki bu, alıcılıq qabiliyyətinin yüksəldilməsi vasitəsilə iqtisadiyyata stimul verən amil kimi çıxış edir”.
İqtisadçı-ekspert hesab edir ki, bu istiqamətdə ardıcıl şəkildə siyasət davam etdirilməlidir və bu, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına şərait yaradacaq. Eyni zamanda, bir çox sosial problemlərin həlli üçün bu yanaşmaların tətbiqi vacibdir.
O ki qaldı büdcə xərclərinin artırılmasına və büdcənin gəlir hissəsinin artırılmasına, E.Məmmədov burda da təəccüblü bir şey olmadığını qeyd edib.
“Biz Ermənistanda yeni reallıqlar formalaşdığını görürük. Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək, Ermənistanın uzun illər ərzində tutduğu mövqeyin nə dərəcədə acınacaqlı nəticələrə səbəb olmasını sübut edib. Yenə də Ermənistan öz militarist siyasətindən əl çəkmir, hərbi gücünü artırmağa səylər göstərir və xaricdən olan sponsorlar hesabına Ermənistan bölgədəki destruktiv mövqeyini sərgiləməyə, nümayiş etdirməyə çalışır. Belə olan halda biz də hərbi gücümüzü, hərbi, təhlükəsizlik sahəsi ilə bağlı olan xərclərimizi artırmalıyıq”.
Ekspertin fikrincə, bütün bunlar ona şərait yaradır ki, biz büdcəmizin həm gəlirlərini, həm də xərclərini artırmalı oluruq. Ona görə də bu yanaşmalarımız da adekvatdır və bu istiqamətdə siyasət davam etdiriləcək.
Aminə Nəzərova