ABŞ Prezidenti Donald Tramp İranın hərbi və iqtisadi vəziyyəti ilə bağlı sərt açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Tramp Ağ Evdə keçirilən tədbir zamanı İranın hərbi gücünün böyük ölçüdə məhv edildiyini iddia edib. O bildirib ki, İranın hava qüvvələri, donanması və müasir silah texnologiyaları artıq mövcud deyil.
ABŞ Prezidenti İran iqtisadiyyatının da ağır böhran içində olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə inflyasiya 300 faizə yaxınlaşıb və milli valyuta dəyərsizləşib.
Tramp bəzi media orqanlarının İranın vəziyyətinin yaxşı olması barədə yaydığı xəbərləri təkzib edərək, bu ölkənin çöküşünün sadəcə zaman məsələsi olduğunu qeyd edib.
ABŞ-nin İrana qarşı hərbi addımlarının yalnız Vaşinqtonun maraqları ilə bağlı olmadığını bildirən Tramp bu mübarizənin Yaxın Şərq və İsrailin təhlükəsizliyi baxımından vacib olduğunu deyib.
O, İranın məqsədinin İsraili və regional sabitliyi məhv etmək olduğunu iddia edib. Tramp həmçinin İranın qarşısının alınmaması halında Avropanın və bəzi şəhərlərin təhlükəsizliyinin ciddi təhdid altına düşə biləcəyini bildirib.
Hərbi əməliyyatların gedişatına toxunan ABŞ lideri müdafiə naziri Pit Heqset və onun komandasına təşəkkür edib. O, son hücumların uğurlu keçdiyini və çox sayda hərbi hədəfin məhv edildiyini diqqətə çatdırıb.
Trampın sözlərinə görə, hazırda strateji əhəmiyyətli Hörmüz boğazı ABŞ-nin nəzarəti altındadır və neft daşıyan tankerlərin təhlükəsiz keçidi təmin edilir.