ABŞ Prezidenti Donald Tramp İranla davam edən qarşıdurma fonunda Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı xəritədə Hörmüz boğazını yeni “ABŞ” bölgəsi kimi təqdim edib. O, bölgədə dəniz blokadasının tam gücü ilə davam etdiyini, boğazın gəmi keçidləri üçün təhlükəsiz olduğunu və dəniz minalarının təmizləndiyini və ya məhv edildiyini bildirib.
Tramp eyni zamanda İranla hazırda hər hansı danışıqların aparılmadığını və yaxın gələcəkdə belə bir təmasın planlaşdırılmadığını açıqlayıb. ABŞ-nin xüsusi nümayəndəsi Jared Kushner də İranın mövcud şərtlər çərçivəsində hər hansı razılaşmaya maraq göstərmədiyini bildirib.
Rəsmi Tehrandan isə bu açıqlamalara sərt reaksiya gəlib. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf dövlət mediasına açıqlamasında Trampın bəyanatlarını təkzib edib.
Qalibaf bildirib ki, ABŞ dəniz blokadasını aradan qaldırmayana, tətbiq olunan sanksiyalara son qoymayana və dondurulmuş İran aktivlərini sərbəst buraxmayana qədər Hörmüz boğazından nəqliyyatın bərpası mümkün olmayacaq.
Strateji su yolunda vəziyyətin gərginləşməsi beynəlxalq ticarətə də ciddi təsir göstərir.
“Kpler” məlumatlarına görə, müharibədən əvvəl Hörmüz boğazından gün ərzində 130-140 gəmi keçirdisə, bazar ertəsi bu göstərici cəmi 10 gəmi təşkil edib.
Bölgədə diplomatik səylər də nəticə vermir. Oman və İran arasında aparılan müzakirələrin isə Vaşinqtonun sərt etirazı ilə qarşılaşdığı bildirilir.
Beləliklə, ABŞ və İran arasında gərginliyin diplomatik yollarla azaldılması istiqamətində danışıqların dalana dirənməsi Hörmüz boğazında vəziyyətin daha da kritik həddə çatacağı ilə bağlı narahatlıqları artırır.