Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını təsdiqləməsindən sonra rəsmi Kiyev donorların güclənən təzyiqi ilə üz-üzə qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" (BZ) nəşri məlumat yayıb.
Avropa fondlarından asılılığın artması Ukrayna rəhbərliyini donorların etimadını qazanmaq üçün daha çox səy göstərməyə məcbur edir.
Məqalə müəlliflərinin sözlərinə görə, Brüssel milyardlarla avro ayırsa da, bu vəsaitlər ölkənin bütün ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.
Ukraynanın maliyyə çatışmazlığı ilkin qiymətləndirmələrdən xeyli yüksək olub.
Hazırda yaranan yeni böhran ABŞ-nin proseslərdən uzaqlaşması və Avropanın Ukraynanın maliyyə təminatına aktiv müdaxiləsi fonunda baş verir.
Xatırladaq ki, bir müddət əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti də oxşar fikirlərlə çıxış etmişdi. Nəşr yazırdı ki, Aİ-nin ayırdığı 90 milyard avroluq kredit Ukrayna üçün yetərli olmaya bilər, çünki bu vəsaitlərin təsdiqlənməsi müddətində Kiyevin ehtiyacları daha da artıb.