İtaliyanın "Komo" klubu Madridin "Real" komandasının sağ cinah müdafiəçisi Xesus Orteanı transfer etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi "kral klubu"nun əvəzedici heyətində çıxış edən 19 yaşlı futbolçunun keçidi üzərində fəal işləyir.
La Liqa nəhənginin rəhbərliyi bu müqaviləyə müəyyən məbləğ müqabilində geri almaq hüququnu (opsionunu) daxil etmək niyyətindədir.
Əvvəllər Nikolas Pas və Xakobo Ramon da eyni sxemlə "Komo"ya keçmişdilər.
İtaliyada uğur qazanan hər iki oyunçu hazırda Madridə əsas komandanın potensial üzvləri kimi qayıtmağı ciddi şəkildə düşünürlər.
"Transfermarkt" portalı tərəfindən 3 milyon avro dəyərində qiymətləndirilən Xesus Ortea hələlik "Real"ın əsas komandasında debüt etməyib.
Buna baxmayaraq, gənc istedad "Kastilya"nın heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.