Kolumbiya Prezidenti De la Espriella ölkənin rəsmən yeni “yenidən inşa” mərhələsinə qədəm qoyduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, dövlət başçısı xalqa müraciətində axtarış-xilasetmə əməliyyatlarının zərurət yarandığı müddətcə davam etdiriləcəyini bildirib.
Son rəsmi məlumatlara görə, zəlzələ 16 əyalətdə yerləşən 497 bələdiyyədə 213 mindən çox ailəyə, ümumilikdə isə 452 min 782 nəfərə birbaşa təsir göstərib. Təbii fəlakət nəticəsində 331 nəfər həyatını itirib, 4 min 497 nəfər yaralanıb, 152 nəfərin taleyi isə hələ də məlum deyil.
Dağıntıların miqyası infrastruktura dəyən ziyanla da özünü göstərib. Belə ki, 35 min 987 ev tamamilə dağılıb, 198 min 601 ev isə orta və ya ağır dərəcədə zərər görüb. Bundan əlavə, 4 min 261 təhsil müəssisəsi, 404 səhiyyə mərkəzi, 121 su təchizatı şəbəkəsi, 89 körpü və 482 yol infrastrukturu yararsız vəziyyətə düşüb.
Prezident De la Espriella çıxışında Tolima əyalətində baş verən meşə yanğınlarına da toxunub. Yanğınlar nəticəsində 50 min hektardan çox ərazinin yandığı, bunun 28 min hektarının kənd təsərrüfatı və heyvandarlıq üçün yararlı torpaqlar olduğu bildirilib.
Dövlət başçısı yanğınların böyük hissəsinin qəsdən, “cinayətkar əllər” tərəfindən törədildiyinə dair ciddi sübutların olduğunu qeyd edib. O, hadisələrlə bağlı istintaqın aparılacağını və hüquqi prosesin nəzarətdə saxlanılacağını vurğulayıb.