Çin Yaponiyanı konstitusiya dəyişiklikləri ilə bağlı ehtiyatlı olmağa çağırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında Yaponiya tərəfinin hərbi siyasəti ilə bağlı açıqlama verib.
Diplomat jurnalistin Yaponiyanın Baş naziri Sanae Takaiçinin “Çin təhlükəsi”nə qarşı mübarizə aparmaq məqsədilə Özünümüdafiə Qüvvələrinin tam hüquqlu ordu statusunun konstitusiyada təsbit edilməsi niyyəti barədə sualını cavablandırarkən bildirib ki, Yaponiya hərbi təcavüz tarixini yenidən nəzərdən keçirməli və konstitusiyaya dəyişiklik edərkən son dərəcə ehtiyatlı davranmalıdır.
Lin Jian vurğulayıb ki, Yapon militarizmi keçmişdə region və dünya üçün ciddi fəlakətlərə səbəb olub. Onun sözlərinə görə, Çin Yaponiya tərəfini ölkə daxilində sülhü müdafiə edən səslərə qulaq asmağa və real addımlarla Asiya qonşularının etimadını qazanmağa çağırır.
Nazirlik sözçüsü həmçinin qeyd edib ki, Qahirə və Potsdam Bəyannamələrində əksini tapan öhdəliklərə əməl olunması İkinci Dünya Müharibəsində məğlub olmuş Yaponiya üçün “beynəlxalq birliyə qayıdışın siyasi və hüquqi ilkin şərti” hesab olunur.