"Koventri" klubunun idarə heyətinin sədri Duq Kinq, komandanın baş məşqçisi Frenk Lempardın "Çelsi" tərəfindən iş təklifi aldığını rəsmən təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, London təmsilçisi bu həftə Liam Rosenioru istefaya göndərdikdən sonra yeni mütəxəssis axtarışındadır.
Lempard üçün cari mövsüm olduqca uğurlu keçib.
O, "Koventri" klubunu İngiltərə Premyer Liqasına çıxarmağı bacarıb. Duq Kinq mütəxəssisin fəaliyyətini yüksək qiymətləndirərək deyib:
"O, fantastik iş gördü. Bu 18 ay həm bizim, həm də onun üçün inanılmaz oldu. Əminəm ki, o, hazırda gələcəyi barədə düşünür. Ona əldə etdiyi uğurun nə qədər çətin olduğunu unutmamağı məsləhət gördüm".
Kinq əlavə edib ki, Lempardın bu liqadan çempion kimi çıxması böyük nailiyyətdir. O, bəzi klubların bir mövsümdə bir neçə məşqçi dəyişməsini məyusedici adlandırıb və özlərinin belə bir vəziyyətə düşmək istəmədiklərini vurğulayıb.
Bununla belə, sədr yayda Lemparda cəlbedici təkliflərin gələ biləcəyini və onun yüksək səviyyəli məşqçi kimi seçim etməli olacağını istisna etməyib.
Qeyd edək ki, Frenk Lempard əvvəllər iki dəfə "Çelsi" klubuna rəhbərlik edib. O, 2019-2021-ci illərdə baş məşqçi kimi çalışıb, 2023-cü ildə isə bu vəzifəni müvəqqəti icra edib. Xəbərləri "Facebook" üzərindən də izləyə bilərsiniz.