Kanada hökuməti ABŞ Prezidenti Donald Trampın Kanada mallarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumuna cavab olaraq hazırladığı yeni tarifləri gecə yarısından etibarən qüvvəyə mindirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Yeni tariflər ABŞ-dən idxal olunan ümumi dəyəri 20 milyard dollar olan məhsullara tətbiq ediləcək.
Rüsumların dərəcəsi məhsuldan asılı olaraq 15-50 faiz arasında dəyişəcək.
Tədbirlər əsasən ABŞ-nin tariflərindən zərər görən polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, kağız və elektronika sektorlarını əhatə edir.
Kanada hökuməti bildirib ki, yeni tariflər qüvvəyə minməzdən əvvəl yola salınmış ABŞ malları rüsumlardan azad olacaq.
Kanada Baş naziri Mark Carney ilə Tramp arasında aparılan ticarət danışıqları son nəticə verməyib. Carney ABŞ-nin son anda irəli sürdüyü şərtləri "qəbuledilməz" adlandıraraq danışıqlardan çəkildiklərini açıqlayıb.
Carney ABŞ tərəfinin Kanadanın digər ölkələrlə bağlayacağı ticarət sazişlərinə məhdudiyyət qoymaq istədiyini və Kvebekin dil və mədəniyyət hüquqları ilə bağlı təzyiq göstərdiyini bildirib.
ABŞ isə Kanadanın ticarət məhdudiyyətlərini siyasi səbəblərlə rədd etdiyini iddia edib. İki ölkə arasında danışıqların dayandırıldığı bir vaxtda Trampın Kanadanın "Bombardier" şirkətinin ABŞ-dəki təyyarə satışlarını əngəlləməklə hədələməsi gərginliyi daha da artırıb.
Sorğular Kanada əhalisinin böyük hissəsinin Carneyin sərt mövqeyini dəstəklədiyini, ABŞ-də isə əhalinin yalnız 20 faizinin Kanadaya qarşı əlavə gömrük rüsumlarını dəstəklədiyini göstərir.