Bu gün Türkiyənin üç elçə (rayon) və dörd bəldəsində (qəsəbə) təkrar bələdiyyə seçkiləri keçiriləcək, 212 məhəllədə isə seçicilər muxtarı (kətxuda) müəyyənləşdirməlidirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Ali Seçki Komissiyası martın 31-də keçirilmiş yerli seçkilərdən sonra edilən etirazları araşdıraraq sözügedən elçə, bəldə və məhəllələrdə seçkilərin yenilənməsinə qərar verib.
Buna uyğun olaraq ölkənin müxtəlif bölgələrində keçiriləcək muxtar seçkiləri ilə yanaşı Kayserinin Pınarbaşı, Şanlıurfanın Hilvan və Aksarayın Güzelyurt elçələri ilə Sivasın Yıldızeli elçəsinə bağlı Güneykaya, Kırklarelinin Lüleburqaz elçəsinə bağlı Büyükkarıştıran, Tuncelinin Mazgirt elçəsinə bağlı Akpazar və Aksaraya bağlı Sağlık bəldələrində seçicilər bələdiyyə başqanlarını seçmək üçün məntəqələrə üz tutacaqlar. Qeyd etmək lazımdır ki, bələdiyyə başqanından fərqli olaraq muxtarlar namizədliyini ancaq müstəqil şəkildə irəli sürə bilər.
Seçicilər saat yerli vaxtla 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arası səs verə biləcəklər. Seçkilərlə əlaqəli yayım qadağası qanuna uyğun olaraq saat 21:00-dək (Bakı vaxtı ilə 22:00) qüvvədə olacaq. ASK bu müddəti uzada da bilər.