“Bornmut”un baş məşqçisi Marko Roze Avropa Liqasının ümumi mərhələsinin üçüncü turunda “Milan” üzərində 3:0 hesablı qələbədən sonra komandasının təvazökar qalacağını deyib. İngiltərə təmsilçisi turnirdə keçirdiyi üç oyunun hamısında qalib gəlib.
Roze görüşün klub və azarkeşlər üçün vacib axşam olduğunu bildirib və futbolçuları ilə fəxr etdiyini söyləyib. Onun sözlərinə görə, komanda matçın ilk dəqiqəsindən son dəqiqəsinədək yaxşı oyun nümayiş etdirib.
Baş məşqçi qeyd edib ki, “Bornmut” 11 nəfərə qarşı da yaxşı başlayıb, rəqibə təzyiq göstərib, mübarizələrdə qalib gəlib, qol imkanları yaradıb və penalti qazanıb. Sonradan baş verən qırmızı vərəqənin oyuna təsir etdiyini deyən Roze, say üstünlüyünə baxmayaraq, belə vəziyyətlərin bəzən çətinlik yarada biləcəyini vurğulayıb. O, komandasının rəqibi tam sıxışdırdığını və “Milan”a qol imkanı vermədiyini bildirib.
“Biz təvazökar qalacağıq. Yaxşı oynadığımızı bilirik və tam heyətlə istənilən yerdə istənilən rəqiblə mübarizə apara biləcəyimizi anlayırıq. Amma bizi çoxlu oyun və ciddi sınaq gözləyir. Avropa Liqasındakı perspektivlərimiz barədə məndən apreldə yenidən soruşun. Düzgün istiqamətdə irəliləyirik, amma arxayınlaşmamalıyıq. Artıq məqsədimizə çatdığımızı düşünsək, problem yaşayarıq. Bacarığımızı dəfələrlə sübut etməliyik”, – ESPN Rozenin sözlərini yayıb.
“Bornmut”un qollarını Castin Klyuyvert 8-ci, Markus Tavernye 32-ci, İsmayel Bennaser isə 84-cü dəqiqədə vurub. “Milan”ın qapıçısı Mayk Menyan 28-ci dəqiqədə meydandan qovulub.