İsrailin Baş naziri Binyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Qusra kəndində yəhudi məskunlaşanların hərəkətlərini sərt şəkildə qınayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Netanyahu “Kanal 14” telekanalına müsahibəsində təhlükəsizlik əməliyyatlarının yalnız ordu və polis kimi dövlət qurumları tərəfindən həyata keçirilməli olduğunu bildirib.
Baş nazir məskunlaşanların hərbi əməliyyatlara müdaxilə etməməli olduğunu vurğulayaraq deyib: “Kəndə girmək istəyirsiniz? Siz ora girməyəcəksiniz. Bu sizin işiniz deyil. Ordu, polis və hökumət var. Mən buna dözməyəcəyəm”.
Netanyahu əlavə edib ki, bu cür özbaşına hərəkətlər İsrailin beynəlxalq nüfuzuna zərər vurur və məskunlaşma hərəkatının özünə də ziyan gətirir.
Məskunlaşanların hərəkətlərini tənqid etməsinə baxmayaraq, Netanyahu İordan çayının qərb sahilində, İsrailin “Yəhudi və Samariya” adlandırdığı ərazidə məskunlaşma siyasətinin genişləndirilməsinə dəstək verdiyini təsdiqləyib.
Netanyahunun sözlərinə görə, hazırda bölgədə təxminən 160 təsərrüfat və 84 icma mövcuddur. Baş nazir onların bəzilərinin yeni yaradıldığını, bəzilərinin isə hökumət tərəfindən təsdiqləndiyini vurğulayıb.
Qeyd edək ki, gərginlik avqustun 29-da onlarla maskalı yəhudi məskunlaşanın Qusra yaxınlığındakı fələstinlilərin evlərinə hücum etməsindən sonra daha da artıb.